» » Reper Uran Azər Axşamı şoudan uzaqlaşdırıb

“Maşın” realiti şounun 4-cü günü də maraqlı hadisələrlə yadda qalıb. Belə ki, “Qalsın-getsin” mübarizəsinə bu dəfə Fransada yaşayan və xüsusilə, “Maşın” şounun “Xanımlar və Cənablar-2” buraxılışı üçün Azərbaycana gələn reper Uran öz istəyi ilə çıxıb. O, hədəfini əvvəlcədən açıqlayıb. Reperin hədəfi aktyor Azər Axşam olub.. Veriliş zamanı bir çox iştirakçılar Azər Axşamı dəstəkləyərək, Uranın getməsinə səs istəyiblər. Şounun birinci hissəsində Uran az səs toplasa da, verilişin sonunda 73,73 % səs çoxluğu ilə qalib gəlib. Azər Axşam isə öz son çıxışında belə deyib: “Mən Allahdan özüm üçün həmişə xeyirlisini arzu etmişəm... Yəqin bunlardan ayrılmaq mənim üçün xeyirlisidir...” Bundan əlavə, Maşının 4-cü günündə aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında da münasibətlər gərginləşib. Bu gərginləşmənin kökündə Mətanət Əliverdiyeva ilə Cavidan Novruzun zarafatlarının Aytən Səfərovanı qıcıqlandırması dayanıb. Mətanət Əliverdiyeva iddialı çıxışı ilə hamını şoka salıb: “Kimə xoşdursa, buyursun, kimə xoş gəlmirsə, xoş getsin!” Canlı yayımda baş verən gərgin söz güləşinin bu gün də davam edəcəyi gözlənilir.